[2:234]
Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət
tamam olduqda, artıq onların öz barələrində
şəriətə
müvafiq surətdə etdikləri
işdən sizə heç bir günah gəlməz.
Allah etdiklərinizin hamısından xəbərdardır!
[2:235]
(Bu
müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah
sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə müddətində) onlarla gizlində və'dələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın!
Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan)
qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!
[2:236]
Yaxınlıq
etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin
haqqını, başlığını) tə'yin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz
imkanı daxilində, kasıb da
gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (müt'ə) versin!
[2:237]
Kəbin haqlarını tə'yin etmiş olduğunuz qadınları
yaxınlıq etmədən əvvəl
boşayarsınızsa, tə'yin olunmuş
kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara
bağışlaya bilərlər. (Ey
kişilər!) Sizin bağışlamağınız (güzəştə
getməyiniz) müttəqiliyə
daha yaxındır. Bir-birinizə yaxşılıq
etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.