[27:36]
(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına
gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya
malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.
[27:37]
Durma, onların (Səba əhlinin) yanına
qayıt! And olsun ki, (əgər müt'i olaraq yanıma
gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz
yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!"
[27:38]
(Süleyman) dedi: "Ey ə'yanlar! Onlar müt'i vəziyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız
onun (Bəlqisin) taxtını mənə gətirə bilər?"
[27:39]
Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi:
"Sən yerindən (taxtından)
qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, e'tibarlıyam! (Mənim Bəlqisin taxtını
götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan
qızıl-gümüşə, lə'l-cəvahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)"
[27:40]
(Süleyman taxtın daha
tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud
Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi:
"Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır
durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun ne'mətinə) şükür edəcəyəm, yoxsa nankor
olacağam! Kim (Rəbbimin ne'mətinə) şükür etsə, yalnız
özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa,
(bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac
deyildir, kərəm sahibidir!" (Allah
dünyada qədirbilənə də, nankora da, mö'minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)
[27:41]
(Süleyman) dedi: "(Bəlqəsin) taxtını
tanımaz hala salın, görək onu tanıyacaq, ya
yox?!"
[27:42]
(Bəlqis) gəldikdə ona: "Taxtın bu cürdürmü?" - deyildi. O da: "Sanki
odur!" - deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu
görüncə dedi: ) "Bizə ondan daha
öncə (tövhid haqqında)
elm verilmiş və biz
(ondan daha qabaq Allaha) müt'i (müsəlman)
olmuşuq!"
[27:43]
(Süleyman) ona Allahdan
başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi.
(Yaxud Allahdan başqasına tapınması o qadına Allaha
ibadət etməyə mane olmuşdu). Cünki
o, kafir bir tayfadan idi.
[27:44]
(Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: "Saraya daxil ol!" (Süleymanın sarayı
büllurdan tikildiyi və altına su
buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı
islanmasın deyə) atəyini qaldırdı (baldırlarını açdı). O
(Süleyman): "Bu (su deyil)
büllurdan tikilmiş (şəffaf) bir
saraydır!" - dedi. (Bəlqis) dedi: "Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!"