[27:64]
Yaxud (məxluqatı) öncə yaradan
(öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı
başqa tanrımı var?"
De: "(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru
deyirsinizsə, dəlilinizi gətirin!"
[27:65]
(Ya Rəsulum!) De: "Allahdan
başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!
[27:66]
Xeyr, onların
(müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar (axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!" (Müşriklər axirətə inanmadıqları halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında
yalnız qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir
fayda verməyəcəkdir!)
[27:67]
Kafirlər dedilər: "Məgər bizlər və atalarımız torpaq
olduqdan sonra (dirildilib qəbirlərimizdən) çıxardılacağıq?
[27:68]
Həqiqətən, bu (dirilmə) bizə və'd olunduğu kimi, öncə atalarımıza da (və'd olunmuşdu). Bu, qədimlərin əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!"
[27:69]
(Ya Rəsulum!) De: "Yer üzünü gəzib-dolaşın, günahkarların axırının
necə olduğuna bir baxın!"
[27:70]
(Ya Peyğəmbərim!) Onlardan (kafirlərin təkzib etmələrindən) ötrü kədərlənmə və (sənə qarşı) qurduqlarına (hiylələrə) görə də ürəyini qısma!
[27:71]
Onlar: Əgər doğru
danışırsınızsa, (deyin görək) bu və'd (bizi
qorxutduğunuz əzab və'dəsi) nə vaxt yerinə yetəcəkdir?" - deyə soruşarlar.
[27:72]
De: "Tez-tələsik istədiyiniz (əzabın) bir
hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq üzərədir!" (Müşriklər onlara və'd olunan əzabın bir hissəsini Uhüd vuruşunda
daddılar, qalanını isə Cəhənnəmdə dadacaqlar!)
[27:73]
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların
əksəriyyəti (Allahın bu mərhəmətinə) şükür etməz.
[27:74]
Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli
saxladığı və özlərinin aşkar etdikləri hər şeyi (qəlblərin sirlərini və açıq-aşkar əməllərini) bilir.
[27:75]
Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda)
olmasın!
[27:76]
Həqiqətən, bu Qur'an İsrail
oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir.