[28:6]
Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib
möhkəmləndirək, Fir'ona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi
(İsrail oğullarından
birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını)
göstərək.
[28:7]
Biz Musanın
anasına (ilham yolu ilə, yaxud
rö'yada): "Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq,
özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!" - deyə bildirdik.
[28:8]
(Musa doğulduqdan
sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun oğlu olduğunu Fir'ona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa
qoyub Allaha dua edərək Nil çayına atdı. Bu zaman Fir'on zövcəsi ilə oturub Nilə tamaşa edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Fir'on xidmətçilərə onu tutub gətirməyi əmr etdi). Fir'onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Fir'on, Haman və onların əsgərləri (küfr etdiklərinə, mə'sum uşaqları öldürdüklərinə görə) günahkar idilər.
[28:9]
Fir'onun qadını
(Asiyə) dedi: "Bu uşaq
mənim də, sənin də göz bəbəyimiz (gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o
böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!" Onlar (işin nə yerdə olduğunu, bu
uşağın əlində həlak olacaqlarını) bilmirdilər.
[28:10]
(Oğlunun Fir'onun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi bomboş
(sevimli balasının fikrindən başqa hər şeydən xali)
olmuşdu. Əgər (Allahın və'dinə) inananlardan olsun deyə, ürəyinə səbir (səbat) əta etməsəydik, az qala onu (saraya gətirilmiş
körpənin özünkü olduğunu)
büruzə verəcəkdi. (Dəhşətindən və ya sevincindən: "Bu uşaq mənimdir!" - deyəcəkdi).
[28:11]
O, (Musanın Məryəm, yaxud Gülsüm adlı)
bacısına: "Onun
dalınca get! (Əhvalatdan xəbər tut!)" - dedi. O da (saraya yol tapıb Fir'onun adamları
onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa (Musanı) gördü.
[28:12]
Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə qadınların döşünü əmməyi) qadağan
etmişdik. (Musanın bacısı Fir'on əhlinə) belə dedi: "Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) tə'min edəcək, həm də ona qarşı xeyirxah
olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan
verimmi?"
[28:13]
Beləliklə, gözü aydın olsun, (oğlunun
ayrılığına) kədərlənməsin və Allahın və'dinin haqq olduğunu
bilsin deyə, (Musanı) anasına
qaytardıq. Lakin onların (insanların, yaxud Fir'on əhlinin) əksəriyyəti (Allahın və'dinin doğru
olduğunu) bilməz!