i[28:14]

(Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elməriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

[28:15]

(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: "Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!"

[28:16]

(Musa) dedi: "Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim. Buna görə məni bağışla!" (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir!

[28:17]

(Musa) dedi: "Ey Rəbbim! Mənə bəxş etdiyin ne'mət haqqı (günahımı bağışlamağına and içirəm ki) mən əsla günahkarlara arxa olamayacağam!"

[28:18]

Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. (Bir də nə görsə yaxşıdır!) Dünən ondan imdad diləyən kəs (bu gün də başqa bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: "Sən (gündə biri ilə vuruşduğun üçün), doğrudan da, açıq-aşkar bir azğınsan!"

[28:19]

(Musa) onların hər ikisinin (həm özünün, həm də onu köməyə səsləyən yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə (həmin yəhudi Musanın ona hücum etmək istədiyini zənn edərək) dedi: "Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq istəmirsən!"

[28:20]

(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Fir'ona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fir'onun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: "Ya Musa! Ə'yan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!"

[28:21]

(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: "Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!" - dedi.