[28:22]

O, Mədyən tərəfə yönəldiyi zaman dedi: "Ola bilsin ki, Rəbbim mənə (Mədyənə aparıb çıxaran) doğru yolu göstərsin!"

[28:23]

(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: "Sizə nə olub (dərdiniz nədir)?" Onlar: "Cobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)", - deyə cavab verdilər.

[28:24]

(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!" (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).

[28:25]

Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: "Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!" (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fir'onla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: "Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!"

[28:26]

(O iki qızın) biri dedi: "Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, e'tibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!"

[28:27]

(Şüeyb) dedi: "Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!"

[28:28]

(Musa) dedi: "Bu (dediyin) mənimlə sənin aranda (olan bir təəhhüddür, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb etməyə haqqın yoxdur). Allah da dediyimizə şahiddir (vəkildir)!"