[28:29]
Musa (onillik xidmət) müddətini başa
vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola
çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: "Siz (mən qayıdanadək burada) durun.
Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki,
qızınasınız!"
[28:30]
(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: "Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
[28:31]
Əsanı (yerə) at!" (Musa əsanı yerə atdı). O əsanın ilan
kimi qıvrıldığını gördükdə dönüb
qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: )
"Ya Musa! Bəri gəl, qorxma! Sən əmin-amanlıq içindəsən!
[28:32]
Əlini qoynuna qoy ki, əlin (oradan)
eyibsiz-qüsursuz, ağappaq (parlaq bir nur kimi) çıxsın. Əlini
(qanadını) özünə tərəf çək (yenidən qoynuna qoy)
ki, (ilanın, yaxud əlinin parıltısının səni bürüdüyü) vahimə çəkilib getsin. Bu,
Fir'ona və onun ə'yanlarına qarşı sənin Rəbbindən olan iki mö'cüzədir. Onlar, həqiqətən, (Allahın itaətindən çıxmış)
fasiq bir tayfadırlar!"
(Musa birinci dəfə əlini qoynuna qoyub
çıxartdıqda o, baxanlara bir nur kəsilib gözlərini qamaşdırar, onları qorxuya salar, ikinci dəfə qoyub çıxartdıqda isə adi halına düşərdi).
[28:33]
(Musa) dedi: "Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər.
[28:34]
Qardaşım Harunun
dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi (Fir'on əhlinə izah edib) təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!"
[28:35]
(Allah) buyurdu: "Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil (mö'cüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar da (Fir'ona və ə'yanlarına) mütləq qalib gələcəksiniz!"