[28:36]

Musa açıq-aşkar ayələrimizlə (Fir'on əhlinin) yanına gəldikdə onlar: "Bu (sənin tərəfindən) uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə (sizin təbliğ etdiyiniz din, risalət haqqında) heç bir şey eşitməmişik!" - dedilər.

[28:37]

Musa dedi: "Rəbbim ?z dərgahından kimin hidayətlə (doğru yola rəhbərliklə) gəldiyini və axirət yurdunun (gözəl aqibətinin) kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar! (Muradlarına yetişməzlər!)

[28:38]

Fir'on (istehza ilə) dedi: "Ey ə'yanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!

[28:39]

(Fir'on) və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, (öləndən sonra bir də dirlib) hüzurumuza qaytarılmaycaqlar!

[28:40]

Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. (Ya Rəsulum!) Bir gör zalımların axırı necə oldu!

[28:41]

Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç bir kömək edilməyəcəkdir!

[28:42]

Bu dünyada onlara lə'nət damğası vurduq (hamı onlara lə'nət oxuyar), qiyamət günü isə onlar çirkin (iyrənc, Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.

[28:43]

Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara (İsrail oğullarına) bir nur, doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya Kitab verdik ki, bəlkə, (onun vasitəsilə) öyüd-nəsihət qəbul etsinlər.