[28:71]

(Ya Rəsulum!) De: "Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər (öyüd-nəsihət) eşitmirsinizmi?"

[28:72]

De: "Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər (gecə ilə gündüzün bir-birinin əvəz etməsinin Allahdan sizə bir lütf olmasını) görmürsünüzmü?"

[28:73]

(Allah) öz mərhəmətindən dolayı sizi üçün gecəni (qaranlıq) və gündüzü (işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, (bu ne'mətə görə Allaha) şükür edəsiniz!

[28:74]

O gün (qiyamət günü Allah müşriklərə) müraciət edib belə buyuracaqdır:əriklərim olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?"

[28:75]

(O gün) hər ümmətdən (öz peyğəmbərləri olmaqla) bir şahid çıxardacaq və (müşriklərə): "(Allah şərik qoşmağınızın lüzumu barədə) tutarlı dəlilinizi gətirin!" - deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurub düzəltdikləri (bütlər) isə qeyb olacaqlar! (Onları qoyub qaçacaqlar!)

[28:76]

Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: "(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!

[28:77]

Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mə'nasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!"