[29:7]

İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və onlara (dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat verərik. (Və ya: gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq).

[29:8]

Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!

[29:9]

İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik! (Onlar Cənnətin yüksək təbəqələrində sakin olacaqlar!)

[29:10]

Adamlar arasında elələri də vardır ki, "Biz Allaha iman gətirdik!" - deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (mö'minlərə) bir zəfər gəlsə, mütləq: "Biz də sizinləyik!" - deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və nifaqı) bilmirmi?!

[29:11]

Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!

[29:12]

Kafir olanlar iman gətirənlərə dedilər: "Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik". Halbuki onların (iman gətirənlərin) heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!

[29:13]

Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla (yoldan çıxartdıqları kimsələrin günahlarına) yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!

[29:14]

Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.