[29:24]

Tayfasının (İbrahimin sözlərinə) cavabı: "Onu öldürün, yaxud da yandırın!" - deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!

[29:25]

(İbrahim onlara) dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lə'nət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!"

[29:26]

Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: "Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!"

[29:27]

Biz ona (İbrahimə) İshaqı və Yə'qubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq (yüksək dərəcələrə layiq) salehlərdən olacaqdır!

[29:28]

(Ya Rəsulum!) Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz?

[29:29]

Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?" Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: "Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!" - deməkdən ibarət oldu.

[29:30]

(Lut: ) "Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!" - dedi.