[2:17]

Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.

[2:18]

Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.

[2:19]

Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (?z elmi, qüdrəti ilə) ehtiva edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).

[2:20]

İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.

[2:21]

Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)

[2:22]

O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!

[2:23]

Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur'ana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!

[2:24]

Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!