[29:31]

Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yə'qubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdirlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)", dedilər.

[29:32]

(İbrahim) dedi: "Orada (onların içində Allahın mö'min bəndəsi) Lut da var!" Onlar: "Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!" - deyə cavab verdilər.

[29:33]

Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı. (Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub mə'yus oldu). Onlar dedilər: "Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!

[29:34]

Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!"

[29:35]

Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət aslsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq.

[29:36]

Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm! Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada ibadət etməklə qiyamət gününə ümid bəsləyib savab işlər görün. Onun əzabından qorxun!) Yer üzündə fitnə-fəsad törətməyin!"

[29:37]

Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə də onları (dəətli) bir sarsıntı (zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar (hamısı həlak oldu).

[29:38]

Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirikn) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı.