[30:16]

Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarını) inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar (gətiriləcəklər).

[30:17]

Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şə'ninə tə'riflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!)

[30:18]

Göylərdə və yerdə həmd (şükür və tə'rif) yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şə'ninə tə'riflər deyin! (İkindi və günorta namazlarını qılın!)

[30:19]

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız.

[30:20]

Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.

[30:21]

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!

[30:22]

Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!

[30:23]

Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), ne'mətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!

[30:24]

Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.