[30:25]

Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.

[30:26]

Göylərdə və yerdə kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və insanlar Allahın bəndələridir). Hamısı Ona boyun əyər!

[30:27]

Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan başqa heç bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də yerdəkilərin sifətlərinə bənzəyər. Allah onların hamısından ucadır).

[30:28]

(Allah) sizə özünüzdən bir məsəl çəkər. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən (özünüz kimi azad adamların haqqına toxunmaqdan) çəkindiyiniz kimi, o kölələrdən də çəkindiyiniz şərikləriniz varmı? (Siz buna razı olarsınızmı? Əlbəttə, yox! Elə isə bəs Allaha ?z aciz bəndələrini, bütləri şərik qoşmağa necə razı olursunuz?) Biz ayələri ağılla düşünən bir qövm üçün belə ətraflı izah edirik.

[30:29]

Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın (küfr edəcəklərini əzəldən bildiyi üçün) yoldan çıxartdıqlarını doğru yola (islam dininə) kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!

[30:30]

(Ya Rəsulum! Ummətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman - təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar).

[30:31]

(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!

[30:32]

O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə'zisi bütlərə, bə'zisi günəşə və aya, bə'zisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər.