[30:51]

Əgər Biz (onların əkinlərinin üstünə) bir yel əsdirsək və (o yel nəticəsində əkinlərin) saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar.

[30:52]

Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!

[30:53]

Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar! (Allaha ürəkdən inanıb Ona can-başla itaət edərlər!)

[30:54]

Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!

[30:55]

Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada da batilə uyub haqdan) belə döndərilirdilər (yoldan çıxardılırdılar).

[30:56]

Elm və iman sahibləri isə belə deyərlər: "Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qiyamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!"

[30:57]

O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri (Allah rizasını diləmələri) də istənilməz!

[30:58]

Biz bu Qur'anda insanlar üçün hər çür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara (Musanın yədi-beyzası, əsası kimi) hər hansı bir mö'cüzə gətirsən belə, onlar mütləq: "Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!" - deyəcəklər.

[30:59]

Allah (haqqı) bilməyənlərin qəlblərini belə möhürləyər!

[30:60]

(Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın (sənə verdiyi zəfər) və'di haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni e'tinasızlığa sövq etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə, səbatsızlığa sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra bilməsinlər!)