Luqmân
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[31:1]
Əlif, Lam, Mim!
[31:2]
Bu hikmətli Kitabın (Qur'anın) ayələridir.
[31:3]
(O Qur'an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir.
[31:4]
O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.
[31:5]
Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!
[31:6]
İnsanlar içərisində eləsi də vardır ki,
nadanlığı üzündən (tutduğu
işin günahını anlamadan
xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə'nasız
(oyun-oyuncaq) sözləri satın
alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.
[31:7]
Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq
(karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı
ilə) müjdə ver!
[31:8]
İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.
[31:9]
Onlar orada əbədi qalacaqlar. Allahın
(mö'minlərə verdiyi cənnət) və'di haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir!
[31:10]
Allah gördüyünüz
göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi
yırğalamasın (atıb-tutmasın) deyə, yerdə
möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik.
[31:11]
Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz
də Mənə (Allahdan)
başqalarının nə
yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq yoldan azmışlar).