[31:20]
(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi,
ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar
(görmə, eşitmə, sağlamlıq) və gizli
(əql, şüur, fəhm, elm və i. a.) ne'mətləri sizə bolluca ehsan etdiyini
görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi)
kitabı olmadan Allah barəsində mübahisə edər.
[31:21]
Onlara (Məkkə əhlinə): "Allahın nazil etdiyinə (Qur'ana) tabe olun!"
deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!"
- deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi həmin yolla gedəcəklər?)
[31:22]
Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qur'andan, imandan) yapışmış olur. Bütün
işlərin axırı Allaha gəlib çıxacaqdır!
(Buyuruq Allahındır!)
[31:23]
Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nələr etdiklərini xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
[31:24]
Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı)
verəcək, sonra da (axirətdə) ağır bir əzaba düçar edəcəyik!
[31:25]
(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. De: "Həmd olsun Allaha!" Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!
[31:26]
Göylərdə və yerdə nə varsa, Allahındır. Allah (bəndələrinin, o cümlədən müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə (tə'rifə) layiqdir! (Onun bütün
işləri bəyəniləndir!)
[31:27]
Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi
dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!
[31:28]
(Ey insanlar!) Sizi
(yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah üçün) ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi)
eşidəndir, görəndir!