[31:29]
(Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah gündüzü, gah da gecəni
uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə tabe) etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!
[31:30]
Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır,
(hər şeydən) böyükdür!
[31:31]
(Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bə'zisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü
görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr, (Allahın ne'mətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!
[31:32]
(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar bürüdüyü
zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları
sağ-salamat quruya çıxartdıqda içərilərindən bə'ziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bə'ziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain,
nankor olanlar danarlar!
[31:33]
Ey insanlar! Rəbbinizdən qorxun.
Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın və'di, şübhəsiz ki, haqdır.
(Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi
aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah ?z bəndələrinə mehribandır,
onların hamısını bağışlayacaq,
günahlarından keçəcək deyə) tovlamasın!
[31:34]
Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir.
Yağışı (istədiyi vaxt) göydən O
yağdırır, bətnlərdə olanı (doğulacaq
uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!