As-Sajdah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[32:1]

Əlif, Lam, Mim!

[32:2]

Kitabın (Qur'anın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur!

[32:3]

Yoxsa (müşriklər): "(Muhəmməd) onu özündən uydurmuşdur!" - deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!

[32:4]

Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşdə bərqərar olan) Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət (əzabı dəf) edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

[32:5]

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr.

[32:6]

O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

[32:7]

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.

[32:8]

Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi.

[32:9]

Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu ne'mətlərə) az şükür edirsiniz!

[32:10]

(Axirətə inanmayanlar) dedilər: "Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?" Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!

[32:11]

(Ya Rəsulum!) De: "Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!"