[32:12]

(Ya Rəsulum!) Kaş günahları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: "Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını) gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə inandıq!" - deyəndə görəydin!

[32:13]

Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: "Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!" sözünü gerçək olaraq deməm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Cünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!)

[32:14]

(Kafirlər Cəhənnəmə girdikdə Allah onlara belə buyurar: ) "Bu günə yetişəcəyinizi unutduğunuza görə indi dadın (əzabı)! Biz də sizi unutduq. (Cəhənnəmdə köməksiz buraxdır). Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!"

[32:15]

Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.

[32:16]

Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.

[32:17]

Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö'minlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür ne'mətlər gizlənib saxlandığını heç kəs bilməz!

[32:18]

Məgər mö'min kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!

[32:19]

İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Mə'va cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları olacaqlar).

[32:20]

Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" - deyiləcəkdir.