[33:7]

(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki,

[33:8]

(Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!

[33:9]

Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne'mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.

[33:10]

O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö'minlər Allahın ?z və'dinə doğru olduğuna inanır, münafiqlər isə e'tiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).

[33:11]

Məhz onda (Xəndək vuruşunda) mö'minlər imtahana çəkilmiş (kimin həqiqi mö'min, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.

[33:12]

O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan və'd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)" - deyirdilər.

[33:13]

O zaman onlardan bir tayfa: "Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!" - demişdi. Başqa bir dəstə isə: "Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)" - deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.

[33:14]

Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.

[33:15]

Halbuki bundan əvvəl (Uhüd vuruşundan sonra) bir daha (düşməndən) üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət günü) mütləq sorğu-sual olunacaqdır!