[33:16]

(Ya Peyğəmbər! Bu münafiqlərə) de: "Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!)

[33:17]

De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.

[33:18]

Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: "Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)" - deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr,

[33:19]

(Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə (mö'minlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!

[33:20]

(Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb gələcəyi təqdirdə onlar (qorxularından) çöldə bədəvilər arasında olmaq istərdilər ki, (gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər mö'minlər zəfər çalıbsa, qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər aranızda olsaydılar, çox az (özü də yalandan) döyüşərdilər.

[33:21]

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!

[33:22]

Mö'minlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: "Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) və'didir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi mö'minlərə kafirlər üzərində qalib olmağı və'd etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!" Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı.