[33:51]

(Ya Rəsulum!) Onlardan (zövcələrindən) istədiyini (istədiyinin səninlə gecələmək növbəsini) tə'xirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz yanına ala bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini tə'xirə saldığın, yaxud ric'i talaqla boşadığın) övrətlərindən də istədiyini (yenidən) öz yanına qaytarmaqdan sənə heç bir günah gəlməz. Onların gözlərinin aydın olması (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah qəlblərinizdə olanları (kimin daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi) biləndir, həlimdir! (Bəndələrinə cəza verməkdə tələsməz!)

[33:52]

Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları, gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!

[33:53]

Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə də'vət olumadan) girib onun bişməsini gözləməyin. Lakin də'vət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!

[33:54]

Əgər bir şeyi (Peyğəmbərin zövcələri ilə evlənmək arzusunu) açıq bildirsəniz, yaxud onu (qəlbinizdə) gizli saxlasanız, (fərqi yoxdur) Allah hər şeyi biləndir! (Sizin bütün aşkar və gizli əməlləriniz, hətta ürəyinizdən keçən ani fikir və duyğular belə Allaha mə'lumdur!)