[33:55]

Onlara (Peyğəmbərin və mö'minlərin övrətlərinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları kölə və cariyələr barədə (onlara görünmək, onlarla söhbət etmək xüsusunda) heç bir günah yoxdur. (Siz ey qadınlar!) Allahdan qorxun! (Onun sizə buyurduqlarına əməl edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir!

[33:56]

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)

[33:57]

Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lə'nət eləmiş (?z rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!

[33:58]

Mö'min kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!

[33:59]

Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!

[33:60]

Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.

[33:61]

(Onlar) məl'unlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər.

[33:62]

Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!

[33:63]

Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: "Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır).

[33:64]

Şübhəsiz ki, Allah kafirlərə lə'nət eləmiş və onlar üçün yanar od hazırlamışdır.