Saba’

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[34:1]

Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!

[34:2]

Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. (Allahdan heç nə gizli qalmaz). O, rəhm edəndir, bağışlayandır!

[34:3]

(Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"

[34:4]

(Bütün bunlar ona görədir ki, Allah) iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!

[34:5]

Ayələrimizi batil (aciz) etmək (Bizi aciz buraxmaq) üçün cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar.

[34:6]

(Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Qur'anın) haqq olduğunu və onun (mö'minlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə'rifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.

[34:7]

Kafirlər (öz aralarında Peyğəmbər əleyhissəlama istehza edərək bir-birinə) dedilər: "Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (dirildiləcəyinizi) xəbər verən bir adam göstərəkmi?