[34:8]
Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?" Xeyr, axirətə inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir zəlalət içindədirlər. (Onlara axirətdə şiddətli əzab veriləcəkdir, çünki dünyada haqq yoldan çox azmışlar).
[34:9]
Məgər onlar başlarının üstündəki göyü və
ayaqlarının altındakı yeri görmürlərmi? (Yer və göy onları elə əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb qaça bilməzlər). Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda
tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!
[34:10]
Həqiqətən, Biz Davuda ?z dərgahımızdan bir lütf
bəxş edib:
"Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şə'ninə tə'riflə deyin!" - deyə buyurduq və dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).
[34:11]
(Biz Davuda belə buyurduq: )
"Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, (onları)
toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!"
[34:12]
Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol,
günortadan axşama qədər də bir aylıq yol gedirdi
(bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mə'dənini sel kimi əridib
axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında
işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa,
ona cəhənnəm odunun əzabından
daddırırdıq.
[34:13]
Onun (Süleyman) üçün nə istəsə - mə'bədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun
birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu ne'mətə şükür edin!) Bəndələrimdən (ne'mətlərimə) şükür edəni azdır!
[34:14]
Sonra (Süleymanın)
ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac
qurdu xəbər verdi. (Süleymanın
əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə
yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar.