[2:257]
Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb
işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur
(şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb
zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
[2:258]
(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını
bilmirsən?) İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür",
- dediyi zaman, o (Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm", - demişdi.
İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur,
bacarırsansa, sən onu qərbdən doğdur!"
- dedikdə, o kafir donub
qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!
[2:259]
Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş
bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: "Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" - demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: "Nə qədər yatmısan?" - deyə soruşdu. O
da: "Bir gün, bəlkə, bir gündən daha az" - deyə cavab verdi. Allah ona: "Bəlkə, yüz il yatmısan,
yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?" - deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda:
"Artıq bildim ki, Allah hər şeyə qadirdir!" - dedi.