[34:23]

Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bə'zi möhtərəm zatlara şəfaət etməyə izin verildiyinə görə məərə gətirilənlərin) ürəklərindən o (müdhiş) qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): "Rəbbiniz nə buyurdu?" - deyə soruşar, o biriləri də: "Haqqı (buyurdu)! (Şəfaətə izin verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!" - deyə cavab verərlər.

[34:24]

(Ya Peyğəmbər! Müşriklərə) de: "Göylərdə və yerdən sizə ruzi verən kimdir?" (Əgər onlar sənə: "Bilmirik",- deyə cavab versələr) de: "Allahdır! Elə isə doğru yolda olan, yaxud (haqq yoldan) açıq-aydın azan bizik, yoxsa siz?"

[34:25]

De: "Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq!

[34:26]

De: "Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!"

[34:27]

De: "Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!"

[34:28]

(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (mö'minlərə Cənnətlə) müjdə verdən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!

[34:29]

Onlar (Məkkə müşrikləri): "Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu və'd (əzab və'dəsi) nə vaxt yerinə yetəcəkdir?" - deyə soruşarlar.

[34:30]

(Onlara) belə de: "Sizə və'd olunmuş bir gün (qiyamət günü) vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!"

[34:31]

(Kitab əhlinin mö'minləri məkkəlilərə: "Biz sizin peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük",- söylədikləri zaman) kafir olanlar dedilər: "Biz nə bu Qur'ana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!" (Ya Rəsulum!) Kaş sən o zalımları (haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı tutanlara (tabe olanların öz rəislərinə): "Əgər siz olmasaydınız, biz mütləq mö'min olardıq!" - dedikləri zaman görəydin.