[34:32]

(Dünyada) özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: "Əcaba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz (könüllü surətdə küfrü qəbul etdiniz)"

[34:33]

Acizlər özlərini yuxarı tutanlara deyərlər: "Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz". Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər.

[34:34]

Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-ne'mət içində yaşayan zəngin başçıları ancaq: "Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, mö'cüzələri) inkar edirik!" - dedilər.

[34:35]

Onlar: "Bizim mal-dövlətimiz və övladımız (iman gətirən bu yoxsullarınkından) daha çoxdur və bizə əzab da verilməyəcəkdir (əgər Allah bizdən razı olamsaydı, bol ruzi verməzdi)" - dedilər.

[34:36]

(Ya Peyğəmbər!) De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!"

[34:37]

Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq içində yaşayacaqlar.

[34:38]

(Bizi) aciz buraxacaqlarını sanaraq ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə (qiyamət günü) gətirilib əzaba düçar ediləcəklər.

[34:39]

(Ya Peyğəmbər!) De: "Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!"