[35:31]
(Ya Peyğəmbər!) Sənə özündən əvvəlkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz Kitab
(Qur'an) haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır, (hər, şeyi)
görəndir!
[35:32]
Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əmələrdən çox olar), kimisi
mö'tədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də
Allahın izni ilə yaxşı
işlərdə (başqalarını
ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!
[35:33]
Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.
[35:34]
Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz
bağışlayandır, qədirbiləndir!
[35:35]
Elə bir Rəbb ki, ?z lütfü
(kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!"
[35:36]
Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!
[35:37]
Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi
buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!"
(Onlara belə deyəcəyik: ) "Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan
peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)!
Zalımların imdadına çatan
olmaz!"
[35:38]
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, ürəklərdə olanları da biləndir!