[35:39]

Sizi yer üzünün varisləri edən (bir-birinizin yerinə gətirən) Odur. Küfr edənin küfrü öz əleyhinə olar (zərərini özü çəkər). Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü (axirətdə) onların ancaq ziyanını artırar!

[35:40]

(Ya Rəsulum! Məkkə müşriklərinə) de: "Mənə bir göstərin (deyin) görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? Yaxud onlara (ilahi) bir kitab vermişik və (Allaha şərik qoşmaq barəsində) oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar (bütlərin onlar üçün şəfaət edəcəyi haqda) bir-birinə ancaq yalan və'd verirlər.

[35:41]

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər).

[35:42]

(Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq yoldan daha da uzaqlaşdılar).

[35:43]

(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!

[35:44]

Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!