[36:13]

(Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakiyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.

[36:14]

O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik!"

[36:15]

(Antakiyalılar: ) "Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, mö'cüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!" - dedilər.

[36:16]

(Elçilər) dedilər: "Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir.

[36:17]

Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ etməkdir!"

[36:18]

(Antakiyalılar) dedilər: "Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır".

[36:19]

(Elçilər) dedilər: "Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!"

[36:20]

Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!

[36:21]

Sizdən (haqqa də'vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!

[36:22]

(Antakiyalılar Həbib Həccardan: - Sən bu elçilərə tabe olmusanmı? - deyə soruşduqda o dedi: ) "Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!

[36:23]

Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.

[36:24]

Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.

[36:25]

(Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)"

[36:26]

(Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): "Cənnətə daxil ol! - deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne'mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: "Kaş qövmüm biləydi ki,

[36:27]

Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!"