[2:265]

Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!

[2:266]

Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.

[2:267]

Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tə'rifə) layiqdir!

[2:268]

Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət və'dəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.

[2:269]

Allah istədiyi şəxsə hikmət (elm, mə'rifət, müdriklik) bəxş edər. Kimə hikmət bə edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!