i[37:103]

Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman

[37:104]

Biz ona belə xitab etdik: "Ya İbrahim!

[37:105]

Artıq sən rö'yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!" (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

[37:106]

Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.

[37:107]

Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.

[37:108]

Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

[37:109]

(Onu belə yad edirlər: ) "İbrahimə salam olsun!"

[37:110]

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

[37:111]

Şübhəsiz ki, o Bizim mö'min bəndələrimizdən idi!

[37:112]

Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.

[37:113]

Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!

[37:114]

Biz Musa və Haruna da ne'mət (peyğəmbərlik) bəxş etdik.

[37:115]

Onların hər ikisini böyük fəlakətdən (Fir'onun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq.

[37:116]

Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.

[37:117]

Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.

[37:118]

Onların hər ikisini doğru yola müvəffəq etdik.

[37:119]

Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

[37:120]

(Onları belə yad edirlər: ) "Musaya və Haruna salam olsun!"

[37:121]

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

[37:122]

Şübhəsiz ki, onların hər ikisi Bizim mö'min bəndələrimizdən idi.

[37:123]

Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!

[37:124]

Bir zaman o öz tayfasına belə demişdi: "Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?

[37:125]

Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə'lə (Bə'l adlı bütə) ibadət edirsiniz?

[37:126]

Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?"