Sâd
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[38:1]
Sad!
(Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur'ana and olsun!
[38:2]
(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların
dediyi kimi, şəkk-şübhə üzündən deyildir).
Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə
sığışdırmır. Muhəmməd əleyhissəlama
qarşı çıxıb onunla
ədavət aparırlar).
[38:3]
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib
kömək diləyirdilər, lakin artıq (əzabdan)
qaçıb can qurtarmaq vaxtı deyildi.
[38:4]
Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!
[38:5]
Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların
hamısını bir
tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.
[38:6]
Onların ə'yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: "Gedin öz
tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir).
[38:7]
Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır.
[38:8]
Məgər Qur'an aramızdan onamı nazil olmuşdur?! (Halbuki
o, yaşca bizdən kiçik, özü də kasıbdır)". Doğrusu, onlar Mənim Qur'anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı
dadmamışlar!
[38:9]
Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur?!
[38:10]
Yaxud göylərin, yerin və onların
arasında olan hər şeyin
ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb
(göyə) qalxsınlar!
(Kainatın hökmünü
öz əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!)
[38:11]
Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud
Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.
[38:12]
Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar
ağacları) sahibi Fir'an da (peyğəmbərləri) təkzib etmişdi.
[38:13]
Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) - bu firqələrin
[38:14]
Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib
oldu.
[38:15]
Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə gecikməz!
[38:16]
Onlar (istehza ilə): "Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl ver!" - dedilər.