[38:17]
(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal!
Cünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc
tutar, gecələri durub namaz qılar,
dünya malına, naz-ne'mətinə aludə olmayıb yalnız
Allah rizasını
qazanmaq diləyərdi).
[38:18]
Biz dağları ona
ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şə'ninə tə'riflər deyərdilər.
[38:19]
Biz quşları da toplu
halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.
[38:20]
Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla
batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud
çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).
[38:21]
(Ya Peyğəmbər!) Sənə (Davudun
padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) mə'bədə (ibadət vaxtı ora daxil olmaq
qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər.
[38:22]
Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə'bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma, biz
bir-birimizə
haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!"
[38:23]
(Onlardan biri dedi: )
"Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: "Onu mənə ver! (Məni ona sahib et!)" - dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi".
[38:24]
(Bu sözləri eşidən Davud o biri
iddiaçı ağzını açmağa macal tapmamış) dedi: "O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib
yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox
azdırlar!" (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud
çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq
tövbə etdi.
[38:25]
Biz bunu (o biri
iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza
yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud
onu dünyada çoxlu ne'mət, axirətdə isə gözəl
sığınacaq - Cənnət gözləyir).
[38:26]
Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan
sapdırar. Şübhəsiz ki, Allah
yolundan sapanları haqq-hesab
gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!