[38:43]

Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq.

[38:44]

(Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının yüngülləşdirilməsi üçün ona belə buyurduq: ) "Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.

[38:45]

(Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yə'qubu da yad et!

[38:46]

Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-ne'mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər).

[38:47]

Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!

[38:48]

(Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə'i və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!

[38:49]

Bu, (onları tə'riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur'an sənin özün və ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir!

[38:50]

Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!

[38:51]

Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər.

[38:52]

Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında zövcələr) olacaqdır.

[38:53]

Haqq-hesab günü üçün (axirətdə) və'd olunduğunuz (ne'mətlər) bunlardır.

[38:54]

Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.

[38:55]

Bu belə! Şübhəsiz ki, azğınları (Allaha asi olanları) da çox pis qayıdış yeri -

[38:56]

Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!

[38:57]

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

[38:58]

(Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır.

[38:59]

(Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər: ) "Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər: ) "Onlar rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!"

[38:60]

(Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: "Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!

[38:61]

Onlar deyəcəklər: "Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!"