[38:84]

(Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm,

[38:85]

And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!"

[38:86]

(Ya Peyğəmbər!) De: "Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Qur'an mənim sözüm deyil, Allah kəlamıdır!)

[38:87]

Bu (Qur'an) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!

[38:88]

Siz onun verdiyi xəbəri (Qur'anda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!"

 

Az-Zumar

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[39:1]

Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!

[39:2]

(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!)

[39:3]

Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!

[39:4]

Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü də ən mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz. Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı vardır?!) O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır!

[39:5]

(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!