[2:270]
(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir,
lakin (xəsislik göstərib özlərinə) zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi olmaz!
[2:271]
Yoxsullara aşkarda sədəqə verməyiniz
yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir
qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!
[2:272]
(Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin vəzifən ancaq onları haqq yola də'vət
etməkdir). Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan
sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın
razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi
tamamilə sizə
ödəniləcəkdir. Sizə əsla zülm edilməz!
[2:273]
(Sədəqə) Allah
yolunda canından keçərək (dolanmaq, ruzi kəsb
etmək üçün) yer üzündə
hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar
üçündür. Belə
şəxslər həyalı olub dilənçilikdən
çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə
onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah
bilir!
[2:274]
Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların
(axirətdə) heç bir qorxusu yoxdur və
onlar qəm-qüssə görməzlər.