[40:17]

Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir!

[40:18]

(Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi (udquna belə biməyəcəkləri və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!

[40:19]

Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!

[40:20]

Allah (qiyamət günü) ədalətlə hökm edər. Ondan (Allahdan) başqa ibadət etdikləri (bütlər) isə heç bir şey hökm edə bilməzlər. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!

[40:21]

Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan (Allahın əzabından) qoruyan bir kimsə tapılmadı.

[40:22]

Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın mö'cüzələr gətirmiş, onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir!

[40:23]

Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik.

[40:24]

Fir'onun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: "Bu sehrbazdır, yalançıdır!" - dedilər.

[40:25]

(Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, mö'cüzələrlə) gəldikdə onlar: "Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!" - dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.