[40:34]

And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər(mö'cüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: "Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!" - dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!

[40:35]

O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında (onlara qarşı) nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımin ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər!

[40:36]

Fir'on (istehza ilə) dedi: "Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim -

[40:37]

Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!" Fir'ona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fir'onun hiyləsi ancaq boşa çıxdı. (Fir'on xeyli xərc çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi).

[40:38]

O mö'min adam dedi: "Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım!

[40:39]

Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur!

[40:40]

Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mö'min ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!