[40:41]

Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata də'vət etdiyim halda, siz məni Cəhənnəmə (cəhənnəm oduna) də'vət edirsiniz!

[40:42]

Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram!

[40:43]

Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız bütlərin) nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!

[40:44]

(Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!"

[40:45]

Beləliklə, Allah onu (o mö'min şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. Fir'on əhlini isə şiddətli əzab sardı (suya qərq oldular).

[40:46]

Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): "Fir'on əhlini ən şiddətli əzaba salın!"

[40:47]

O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: "Biz (dünyada) sizə tabe idik. İndi siz cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!"

[40:48]

Təkəbbür göstərənlər deyəcəklər: "Biz hamımız oradayıq (cəhənnəm odundayıq). Allah artıq ?z bəndələri arasında (lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə yoxdur!)"

[40:49]

Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!"