[40:50]
(Cəhənnəm gözətçiləri) deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar
mö'cüzələr gətirməmişdilər?" Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) "Elə isə özünüz dua
edin!" - deyəcəklər. Kafirlərin duası isə boş
şeydir (heç vaxt qəbul olunmaz).
[40:51]
Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!
[40:52]
Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda
verməyəcəkdir. (O gün)
onları lə'nət və axirət yurdunun pis əzabı
gözləyir.
[40:53]
And olsun ki, Biz Musaya
doğru yolu göstərən rəhbər (Tövrat) verdik və İsrail oğullarını kitaba varis etdik!
[40:54]
Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!
[40:55]
(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və mö'minlərə verdiyi zəfər) və'di haqdır. (Ummətinin sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı
zikr et və ya gündə beş vaxt namaz qıl!)
[40:56]
Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç
vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!
[40:57]
Doğrudan da, göylərin və yerin
yaradılışı insanların
yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz!
[40:58]
Korla görən, iman gətirib
yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!