[40:59]

O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmaz!

[40:60]

Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!

[40:61]

Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükür etməz!

[40:62]

Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur! Siz necə (aldanılıb haqdan) döndərilirsiniz? (Ondan necə dönürsünüz?)

[40:63]

Yalnız Allahın ayələrini inkar edənlər (haqdan) belə döndərilərlər!

[40:64]

Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) ne'mətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər uludur)! (Ucalardan ucadır, xeyir-bərəkəti bol və daimidir!)

[40:65]

Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

[40:66]

(Ya Peyğəmbər!) De: "Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin Allahdan qeyri tapındıqlarınıza (bütlərə) ibadət etmək mənə qadağan olunmuş, ancaq aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!"