[40:67]

Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir.

[40:68]

Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: "Ol!" - deyər, o da dərhal olar.

[40:69]

(Ya Peyğəmbər!) Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də (haqdan) döndərilirlər!

[40:70]

Kitabı (Qur'anı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, mö'cüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara mə'ruz qalacaqlarını) mütləq biləcəklər!

[40:71]

O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər

[40:72]

Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar,

[40:73]

Sonra da onlara belə deyiləcəkdir: "Haradadır şərik qoşub ibadət etdikləriniz -

[40:74]

Allahdan qeyri?!" (Müşriklər) deyəcəklər: "Onlar bizdən qeyb oldular. Xeyr, biz əslində öncə (dünyada) heç nəyə ibadət etmirdik!" Allah (haqq yoldan) kafirləri belə azdırar!

[40:75]

(Onlara belə deyiləcəkdir: ) "Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir!

[40:76]

Girin cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!" Təkəbbürlülərin sığınacağı necə də pisdir!

[40:77]

(Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və mö'minlərə verdiyi zəfər) və'di haqdır. Ya onlara və'd etdiyimizin (əzabın) bir qismini (diri ikən) sənə göstərəcək, ya da səni ?z dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər! (Qiyamət günü dünyadakı əməllərinə görə şiddətli əzaba düçar olacaqlar!)