[41:12]

Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!"

[41:13]

(Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan) üz döndərsələr, de: "Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!"

[41:14]

Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: "Yalnız Allaha ibadət edin" - deyən peyğəmbərlər gəldiyi zaman onlar: "Əgər Rəbbimiz (bizim ancaq Ona iman gətirməyimizi, bütlərə sitayiş etməməyimizi) istəsəydi, (peyğəmbər olaraq) mələklər endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə) inanmırıq!" - deyə cavab vermişdilər.

[41:15]

Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: "Bizdən daha qüvvətli kim ola bilər?!" Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.

[41:16]

Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır.

[41:17]

Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.

[41:18]

İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.

[41:19]

Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.

[41:20]

Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.