[41:21]

Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" - deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!"

[41:22]

Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz.

[41:23]

Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!

[41:24]

İndi (əzaba) dözsələr də (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar (Allahdan) riza diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya qayıtmaq istəsələr də, onların bu istəyi qəbul ediməz).

[41:25]

Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini və arxalarındakını (dünyanın zövq-səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən (şeytansifət) dostlar caladıq. ?zlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan (kafir) ümmətlərlə birlikdə o söz (əzab hökmü) onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular!

[41:26]

Kafir olanlar (öz dostlarına): "Bu Qur'anı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!" - dedilər.

[41:27]

Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!

[41:28]

Budur Allahın düşmənlərinin cəzası - Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!

[41:29]

Kafir olanlar deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!"