[43:23]

(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne'mət içində yaşayan böyükləri (valıları) sadəcə olaraq: "Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!" - dedilər.

[43:24]

(Hər peyğəmbər öz ümmətinə) belə dedi: "Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!" Onlar: "Biz sizinlə göndərilənləri (şəriəti, mö'cüzələri) inkar edirik!" - deyə cavab verdilər.

[43:25]

Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu!

[43:26]

Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: "Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;

[43:27]

Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!"

[43:28]

(İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) qayıdalar!

[43:29]

Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq (Qur'an) və (həqiqəti, şəriət hökmlərini) bəyan edən bir peyğəmbər gələnədək gün-güzəran verdim!

[43:30]

Onlara haqq (olan Qur'an) gəldikdə: "Bu sehrdir, biz onu inkar edirik!" - dedilər.

[43:31]

Onlar dedilər: "Məgər bu Qur'an iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Urvə bin Məs'uda) nazil edilməli deyildimi?"

[43:32]

(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bə'zilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!

[43:33]

Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik.