[43:61]
Şübhəsiz ki, o, (İsanın
zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru
yoldur!
[43:62]
Şeytan sizi yoldan
çıxartmasın. Şübhəsiz ki, o sizin
açıq-aşkar düşməninizdir!
[43:63]
İsa
açıq-aşkar mö'cüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bə'zi şeyləri
(Tövratdakı bir sıra dini
hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!
[43:64]
Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru
yoldur!"
[43:65]
Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf
düşdü (xaçpərəstlər: "İsa
Allahın oğludur!" - dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər). Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!
[43:66]
Onlar özləri də bilmədən qəfildən başlarının
üstünü alacaq o saatdan (qiyamət saatından) başqa
bir şeymi gözləyirlər?!
[43:67]
Müttəqilər müstəsna olmaqla, o gün dostlar
bir-birinə düşmən kəsiləcəklər!
[43:68]
(Müttəqilərə belə deyiləcəkdir: ) "Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz!
[43:69]
O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar.
[43:70]
Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!"
[43:71]
(Cənnətdə) onlar üçün qızıl
teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey
olacaqdır. Siz orada əbədi qalacaqsınız!
[43:72]
Bu sizin (dünyada)
etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir!
[43:73]
Orada sizin üçün bir çox
meyvələr vardır, onlardan yeyəcəksiniz!